Gülnar Rüstəmli
Xəzər Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasını bitirmişəm. Özümü bildiyim gündən incəsənətə marağım daim olub. İstər ədəbiyyat, istər musiqi, istərsə də rəssamlıq sənəti — hamısı həyatımda iz qoyub. Amma mənim özümü tapdığım, sükutuma səs olan sahə yalnız rəssamlıq sənəti oldu. Özümü ən yaxşı şəkildə rəssamlıqla ifadə edir, görünməyəni çəkməyə çalışırdım.
Bu marağım və əl qabiliyyətim bu sənətdə irəliləməyimə kömək etdi. 13 yaşımda Biləsuvar rayonu Xırmandalı kənd Musiqi və İncəsənət məktəbinə qəbul oldum və 4 illik təhsilimi yüksək fərqlənmə ilə başa vurdum. Bununla da hekayəm davam etməyə başladı.
İncəsənət fakültəsinə qəbul olunmağım və universiteti bitirdiyim zaman “Özünü Yarat” yaradıcılıq və incəsənət mərkəzində işə başlamam, bu sənətə olan bağlılığımın və hekayəmin bir parçasıdır.